Məcid Seyidov Naxçıvan şəhərində gimnastlarla görüşüb

Naxçıvan Muxtar Respublikasında dövlət idman siyasətinin icrası istiqamətində məqsədyönlü və ardıcıl işlər görülür. Məşqçi, hakim və idmançıların peşəkar inkişafı, maddi-texniki imkanların artırılması, sağlam həyat tərzinin təşviqi, kütləvilik və digər vacib məqamlar diqqətdə saxlanılır. İdman bölmələri və klublar ziyarət olunur, qanunvericilik çərçivəsində dəstək mexanizmləri həyata keçirilir.
Mayın 6-da Məcid Seyidov Naxçıvan şəhərində fəaliyyət göstərən Xatun Bədii Gimnastika İdman Klubunu ziyarət edərək idmançılarla görüşüb, onların məşq prosesini izləyib və mövcud şəraitlə yaxından tanış olub.
Klubun məşqçisi Humay Qafarova göstərilən diqqətə görə minnətdarlığını bildirərək idmançıların inkişaf səviyyəsi və gələcək yarışlara hazırlıq prosesi barədə məlumat verib. Qeyd olunub ki, 23–24 may tarixlərində Neftçala şəhərində keçiriləcək bölgələrarası kubok yarışına hazırlıq məqsədilə məşqlər intensiv şəkildə davam etdirilir. Məqsəd yarışda yüksək səviyyədə təmsil olunmaq, gimnastların təcrübəsini artırmaq və uğurlu nəticələr əldə etməkdir.
Məcid Seyidov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikanın ölkəmizdə yüksək inkişaf yolu keçdiyini vurğulayıb. Bildirilib ki, federasiya regionlarda, o cümlədən Naxçıvanda gimnastika idman növlərinin inkişafına yaxından dəstək göstərir. Əlavə olunub ki, AGF ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri və birgə səylər gimnastikanın regiondakı gələcəyi üçün yüksək potensial vəd edir. Bu sahənin inkişafı istiqamətində işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Sonda nazir müavini məşqçi və idmançılara gələcək yarışlarda uğurlar arzulayıb, onlarla birgə xatirə fotosu çəkdirib.