Avqustun 20-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Sədərək rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan öncə Məcid Seyidov Sədərək Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə tər gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında reallaşan qəbul zamanı müraciətlər əsasən rayon ərazisində idman infrastrukturunun daha da gücləndirilməsi, məşqçilərin qarşılaşdığı çətinliklər, eləcə də kəndlərdə yerləşən futbol meydançalarının təmiri və rayon gənclərinin Ordubad rayonuna ekskursiyasının təşkil olunması ilə bağlı olub. Müraciətlərin əksəriyyətinə yerində baxılıb və cavablandırılıb, digər müraciətlərlə bağlı məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınıb.