Maarifləndirici tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası ərazisində cəmiyyət üçün aktual olan mövzular üzrə məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlər may ayını da əhatə edib. Aidiyyəti qurum nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda təşkil olunan tədbirlərdə sosial, hüquqi və ictimai məsələlərə dair çıxışlar edilib, iştirakçılar maarifləndirilib.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları Naxçıvan şəhərində təşkil olunan tədbirlərdə fəal iştirak ediblər.

Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbirdə narkomaniyanın fəsadları, onunla mübarizə istiqamətləri və profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Naxçıvan Şəhər İcra Hakimiyyətində isə “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə vətənpərvərlik tərbiyəsi, vətəndaşların hüquq və vəzifələri, həmçinin konstitusion məsuliyyət məsələlərinə toxunulub.

Kəngərli rayonunda keçirilən “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbirdə isə ailə münasibətlərində hüquqi məsələlər, zorakılıq hallarının qarşısının alınması və profilaktik tədbirlər müzakirə olunub.