Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Böyük bağ” adlanan istirahət parkında “Sağlam həyat günü” adlı kütləvi idman tədbiri keçirilib. Layihə çərçivəsində iştirakçılar müxtəlif yaş qrupları üzrə təyin olunmuş normativ tələbləri yerinə yetirib, nəticələrə uyğun olaraq qızıl, gümüş və bürünc stikerli sertifikatlar əldə ediblər. Tədbirdə həmçinin bədii gimnastların, karateçilərin, ağırlıqqaldıranların və cüdoçuların nümunəvi çıxışları izlənilib.
Naxçıvanda səfərdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov da tədbiri izləyib, iştirakçılara uğurlar arzulayıblar.
Könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanan layihədə məktəblilər, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, gənclər və müxtəlif yaş qruplarına mənsub insanlar iştirak ediblər.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti