Naxçıvan Futbol Federasiyasının hesabat-seçki yığıncağı keçirilib - YENİLƏNİB

Muxtar Respublika Stadionunda federasiyanın hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov, nazirlik və federasiya əməkdaşları, o cümlədən məşqçilər iştirak ediblər.

Gündəlikdə duran məsələlər federasiyanın fəaliyyəti, görülən işlərin müzakirəsi, eləcə də federasiyaya yeni sədrin seçilməsi olub.

Məcid Seyidov çıxış edərək deyib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlərin nəticəsi kimi Naxçıvan Muxtar Respublikasında da bu sahə yüksək inkişaf yolu keçib, önəmli uğurlar əldə olunub. Naxçıvan idmanı və inkişaf perspektivləri barədə danışan nazir müavini əlavə edib ki, təmsil elədiyi qurum gənclərin sağlam həyat və düşüncə tərzinə uyğun formalaşması, vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda böyüməsi, onların şəxsi inkişafına dəstək göstərilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinə, ümumi inkişafına nail olunması, eləcə də federasiyalarla işin düzgün təşkili baxımından fəaliyyətini daha da gücləndirməyə çalışır. Bədən tərbiyəsi və idmanın inkişafı yönündə dövlət siyasətini həyata keçirən nazirliyin bu yöndə federasiyalarla da qarşılıqlı şəkildə fəaliyyət göstərdiyini, birgə tədbirlər həyata keçirdiyini xatırladan Məcid Seyidov Naxçıvan Futbol Federasiyası (NFF) ilə işgüzar əlaqələrin daha da güclənəcəyinə, birgə və məqsədyönlü fəaliyyət sayəsində Naxçıvan futbolunun inkişafı yolunda yeni uğurların əldə olunacağına inamını ifadə edib.

Federasiyanın sədr müavini Sakit Rzayev qurumun ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.

Sonra səsvermə olub. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin federasiyanın sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev NFF-nin sədri seçilib.

Federasiyanın yeni sədri göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək, Naxçıvan futbolunun inkişafı və uğurlu gələcəyi üçün federasiya kollektivi ilə birgə maksimum çalışacaqlarını bildirib, yaxın gələcək üçün qarşıya qoyulan vəzifə və tapşırıqların icrası istiqamətlərindən bəhs edib. O, məşqçilərin hazırlanması sisteminin təkmilləşdirilməsi,  uşaq və yeniyetmələr üçün akademiya və ixtisaslaşdırılmış futbol məktəblərinin yaradılması, seleksiya işində yeniliklərin tədbiqi, əhali arasında futbola olan marağın yüksəldilməsində təbliğat mexanizmlərinin artırılması, stadionların təmiri və müasirləşdirilməsi yönündə işlər aparılacağını və bu baxımdan aid dövlət qurumları və idman təşkilatları ilə işgüzar əlaqələrin gücləndiriləcəyini diqqətə çatdırıb.

Çıxışlardan sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti