Naxçıvan Futbol Federasiyasının iclası keçirilib

Naxçıvan Muxtar Respublika stadionunda Naxçıvan Futbol Federasiyasının iclası keçirilib. İclasda çıxış edən Naxçıvan Futbol Federasiyasının prezidenti Qəzənfər Abdullayev bildirib ki, idmanın müxtəlif növlərində olduğu kimi futbol sahəsində də vətəndaşlarımızın peşə sahibi olub uğurlu gələcək qurmaları, bu sahədə mütəxəssisləşməsi və ən əsası fiziki, zehni cəhətdən sağlamlıqlarının qorunması məsələlərinə muxtar respublikamızda xüsusi diqqət və qayğı ilə yanaşılır. İdman sahəsinə göstərilən diqqət və qayğı idmançıların həyat tərzinə əhəmiyyətli dərəcədə təsir edir. Bu mənada maddi-texniki bazanın ildən-ilə daha da genişləndirilməsi, ixtisaslı kadrların formalaşdırılması, kütləvilik, karyera imkanlarının artırılması və mövcud perspektivlərə əsaslanan addımlar günümüz üçün sevindirici, gələcək üçün ümidverici faktora çevrilib.
Federasiyanın prezidenti qeyd edib ki, Muxtar Respublikada maddi-texniki bazanın gücləndirilməsi, müasir idman infrastrukturunun eyni zamanda stadionların yenidən qurulması işinin davam etdirilməsi və mövcud stadionlardan səmərəli istifadənin inkişaf etdirilməsi federasiyamızın əsas iş prinsiplərindən biri olacaq.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib. Federasiyanın idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib. Belə ki, Qəzənfər Abdullayev idarə heyətinin sədri, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Taleh İbrahimov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin müavini Anar İbrahimov, Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Rövnəq Xəlilov və Naxçıvan Futbol Federasiyanın nümayəndəsi Sakit Rzayev Naxçıvan Futbol Federasiyası idarə heyətinin, Həmkarlar İttifaqları Şurasının nümayəndələri Türkal İbrahimov, İmran Kələşov və Ceyhun Məmmədov isə Nəzarət-Təftiş komissiyasının üzvləri seçiliblər.
Sonda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov idarə heyəti və nəzarət təftiş komissiyası üzvlərini təbrik etmiş, federasiyanın gələcək fəaliyyətində uğurlar arzulamışdır.