Gənc boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandanın 227 idmançısının iştirakı ilə Boks Mərkəzində reallaşan yarışda muxtar respublika Naxçıvan Boks Federasiyasının 2 məşqçi, 1 hakim və 6 idmançısı ilə təmsil olunub. Təmsilçilərimizdən Elbrus Kərimli və Ayxan Heydərov mükafatçılar sırasına daxil olub.
57 kq çəki dərəcəsində mübarizə aparan Elbrus 1/16 final mərhələsində Nifat Cəfərovu (ROİL), ardınca Məhəmməd Şəfiyevi (“Qəbələ” İK) – tam üstünlüklə məğlub edib. Şahmar Məmmədovla (Gəncə) görüşdən yarımfinala yüksələn E.Kərimli finala gedən yolda Faiq Mollayevə (Z-1 İK) 3:2 hesabı ilə qalib gələrək həlledici görüşə adlayıb. Təəssüf ki, Elbrus “Zabit” İK təmsilçisi Məhəmmədli Aşurəliyevlə görüşdə istəyinə çata bilməyib və ölkə birinciliyini gümüş medalla tamamlayıb.
Digər təmsilçimiz Ayxan Heydərov (60 kq) isə 1/8 finalda Xalid Abdullayevə (“Neftçi” İK) tam üstünlüklə, ardınca Orucəli Cavadzadəyə (Lənkəran) 5:0 hesabı ilə qalib gəlib. Yarımfinal görüşündə rəqibi Tofiq Zahirovun (“Təhsil” RİM) 3:2 hesablı qələbəsi qeydə alınıb. Nəticədə Ayxan birinciliyi bürünc medalla bitirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti