Bakı şəhərində yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan MMA və Grappling Federasiyası və “Turan” Döyüş Klubunun birgə təşkilatçılığı ilə MMA və qrapplinq idman növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında LFC turniri təşkil olunub. 46 klub 444 idmançının iştirak etdiyi turnirdə Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə 1 məşqçi və 22 idmançı olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Naxçıvan təmsilçiləri 26-sı qızıl, 17-si gümüş medal olmaqla ümumilikdə 43 medal qazanıblar.
İdmançılardan Rzayev Salman (25 kq), Hüseynli Tunar (59 kq), Cəfərov Əbülfəz (59 kq), Quluzadə Yusif (50 kq), İsmayılov Qadir (76 kq), Alməmmədov Ravil (76 kq), Heydərov Əsgər (71 kq) həm MMA, həm də qrapplinq idman növlərində qızıl medal qazanıblar. Digər idmançılardan MMA idman növü üzrə Babazadə Əli (30 kq), Kazımov Əli (46 kq), Hüseyinzadə Kənan (60 kq), Abdullayev Musa (66 kq), Muradov Elxan (54 kq), Axundov Ərturan (58 kq), Həziyev Nəsimi (59 kq) qrapplinq idman növü üzrə isə Kərimov Məhəmməd, Əzimli Yusif, Abdullayev Tunar, Quluzadə Rəhim, Tağıyev Cəmaləddin (84 kq) öz yaş və çəki kateqoriyalarında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.
Qeyd edək ki “Turan” Döyüş Klubu komanda hesabında II yerə layiq görülmüşdür.