Naxçıvan şəhərində "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar yeniyetmə oğlan və qız voleybolçular arasında “Suverenlik kuboku” uğrunda birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) Naxçıvan filialı tərəfindən birgə təşkil olunan yarışda Azərbaycan və Türkiyəni təmsil edən 4 qız və 4 oğlan komandası iştirak edib.
Dekabrın 20-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin final görüşləri keçirilib. Oğlanların yarışında "Gənc Milli Oğlanlar" həlledici görüşdə "Murov AZ Terminal" üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq birinci yerə sahib çıxıb. Qızların finalında isə "Gənc Milli Qızlar" və Naxçıvanın "Möminə Xatun" komandaları meydanda olub. Həlledici görüşü izləyənlər arasında dövlət rəsmiləri də olub. Nəticəyə gəlincə, "Gənc Milli Qızlar" 3:0 hesabı ilə oyunun qalibi olub və qızların yarışında qızıl medallara yiyələnib.
Əlavə edək ki, oğlanlarda "Naxçıvan", qızlarda isə "Altınordu" turnirin bürünc medallarına sahib çıxıblar.
Oğlanlar arasında keçirilən birinciliyin qalibi olmuş “Gənc Milli Oğlanlar” komandasının üzvlərinə kubok və medalları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, qızlar arasında birinciliyin qalibi olmuş "Gənc Milli Qızlar” komandasına kubok və medalları isə Azərbaycan Voleybol Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təqdim ediblər. Mükafatlandırma mərasimində iştirak edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov oğlanlar arasında bürünc medal qazanmış "Naxçıvan" komandasını diplom və medallarla təltif edib.