8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında “Zəfərdən doğan qürur” adlı konsert proqramı təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, əsgər və zabitlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin beşinci ildönümünün xalqımız üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, bu Zəfər yalnız hərbi məharət və strateji bacarıq deyil, həm də xalqımızın birliyi, vətən sevgisi və əzmkarlığı sayəsində əldə olunub. “Bu möhtəşəm qələbənin əldə edilməsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düzgün strateji qərarları və qətiyyəti həlledici rol oynayıb”, – deyə Məcid Seyidov çıxışında bildirib. Nazir müavini gənclərin vətənpərvərlik tərbiyəsinin daim diqqətdə saxlanıldığını vurğulayıb və bu istiqamətdə həyata keçirilən işlərdən bəhs edib. Məcid Seyidov çıxışın sonunda işitirakçıları Zəfər Günü münasibətilə təbrik edib, Vətən uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
Vətən müharibəsinin və lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı, mayor Seymur Verdiyev müharibə dövründə əsgər və zabitlərimizin göstərdiyi igidlikdən danışıb. O bildirib ki, Vətən müharibəsi Azərbaycan əsgərinin gücünü, xalqımızın iradəsini və dövlətimizin qüdrətini bir daha sübut etdi. Hər bir azərbaycanlı əsgər öz canı bahasına olsa da, bu torpaqların azadlığı uğrunda mübarizədən geri çəkilmədi. Bu gün qazandığımız Zəfər gələcək nəsillərə örnək, vətənpərvərliyin ən ali nümunəsidir.
Tədbirdə çıxış edən fəal gənc Fidan İsmayılova isə tarixi Zəfərin gənclik üçün həm qürur, həm də məsuliyyət mənbəyi olduğunu söyləyib və əlavə edib ki, hər bir gənc bu qələbənin böyüklüyünü dərk etməli, onu qorumaq və yaşatmaq üçün daim çalışmalı, qələbə ruhunu yalnız sözlə deyil, əməli ilə ifadə etməlidir.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı reallaşıb. Ansamblın solistləri tərəfindən ifa olunan vətənpərvərlik ruhlu mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.