Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində (NDTK) “Zəfərdən doğan qürur” adlı tədbir təşkil olunub.
Tələbələrin, müəllimlərin, könüllü gənclərin, Vətən müharibəsi iştirakçılarının və şəhid ailəsi üzvlərinin qatıldığı tədbirdə əvvəlcə Zəfər Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib, Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, milli birliyimiz və dövlətçilik iradəmiz vurğulanıb. Gənclərin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və dövlətinə sadiq vətəndaşlar kimi yetişməsinin vacibliyi diqqətə çatdırılıb.
Vətən müharibəsi iştirakçıları, zabitlər Zeynal Zeynalzadə və Turkan Cəfərov isə döyüş xatirələrini gənclərlə bölüşərək vətənpərvərliyin gündəlik həyatda, təhsildə və əmək fəaliyyətində də öz əksini tapmalı olduğunu bildiriblər.
Tədbir çərçivəsində bədii kompozisiya, milli rəqslər və vətənpərvərlik mahnıları təqdim olunub. Şəhidlərin xatirəsinə həsr edilən “Şəhidə məktub” videoçarxı və süni intellekt vasitəsilə hazırlanmış “Mən atamın qanadıyam!” adlı mahnının videotəqdimatı iştirakçılara duyğulu anlar yaşadıb.