İlham Əliyev adına Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilir. 2008-2009 və 2010-2012-ci il təvəllüdlüləri əhatə edən birincilikdə 15 çəki dərəcəsi üzrə 78 idmançı mübarizə aparıb.
Yarışa start verilməzdən öncə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı Cəbi Quliyev və Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev yarışın məqsəd və əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzulayıblar. Rəsmilər Milli Məclisin sədr müavini, eyni zamanda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən Naxçıvan kikboksçuları üçün göndərilmiş hədiyyələri təqdim ediblər.
Sonra birincilikdə mübarizəyə start verilib. Nəticələrə əsasən 2008-2009-cu il təvəllüdlülər arasında Əbülfəz Zeynallı (75 kq), Uğur Əliyev (67 kq), Kazım Hacıyev (62 kq), Polad İsmayılov (57 kq), Oğuz Məmmədli (52 kq), Tunar Nəsirli (48 kq), Tayfur Əliyev (45 kq), 2010-2012-ci il təvəllüdlülər arasında isə Elxan Oruczadə (62 kq), Turqut Abdullayev (57 kq), Amir Nəcəfov (52 kq), Nurəli Əsgərov (47 kq), Əli Nəsrullayev (42 kq), Uğur Məmmədli (38 kq) və Rəvan Əsgərov (34 kq) yarışın qalibi olublar.
İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Kikboksinq Federasiyası tərəfindən birgə keçirilən yarış idmançılarda vətənpərvər ruhunun yüksəldilməsi, kikboksinqin gənc nəsil arasında təbliği, federasiya bölmələrinin və klubların işinin təkmilləşdirilməsi məqsədinə xidmət edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti