Naxçıvanda gənclərin iştirakı ilə Heydər Əliyev irsinə həsr olunmuş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Heydər Əliyev Muzeyində reallaşan görüşdə iştirakçılar böyük liderin həyat və fəaliyyət yoluna bir daha nəzər salıblar.

Tədbirdə çıxış edən muzeyin direktoru Ramil Orucəliyev dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin qurulmasındakı müstəsna rolunu vurğulayıb. Bildirilib ki, Heydər Əliyev yalnız böyük siyasətçi deyil, həm də daim gənclərin inkişafına xüsusi önəm verən bir lider olub. Həyata keçirdiyi islahatlar və əsasını qoyduğu gənclər siyasəti bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyində bu sahədə ciddi uğurlar əldə olunmaqdadır. Heydər Əliyev irsinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində əvəzsiz rol oynadığını diqqətə çatdıran muzey direktoru əlavə edib ki, xüsusilə, dahi rəhbərin “Gənclər bizim gələcəyimizdir!” fikri gənclərə göstərilən yüksək etimad və onların potensialına olan inamın ən bariz ifadəsi kimi kimi Azərbaycan gəncliyinə daim işıq tutur.

Sonda iştirakçılar Muzeyin ekspozisiyası ilə tanış olublar. Ümummilli liderin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından ibarət, eksponatlar gənclər tərəfindən böyük maraqla izlənilib.

Bu kimi tədbirlər, gənclərin tariximizə, milli dəyərlərimizə olan münasibətini gücləndirmək və onlara vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir. Heydər Əliyevin zəngin irsi vətəndaşlıq və vətənə sevgi anlayışlarını gənc nəsillərə aşılayan önəmli bir nümunədir.