Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi – Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin könüllüsü Röya Məmmədovanın “KönüllüSən!” adlı layihəsi uğurla yekunlaşıb.
Gənclər Fondunun maliyyə dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Naxçıvan Müəllimlər İnstitutunun birgə tərəfdaşlığı ilə reallaşan layihə gənclərin inkişafı, asudə vaxtlarının səmərəli və əyləncəli keçirməsi, müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsi və sosiallaşmasına dəstək, eyni zamanda ekologiya ilə bağlı faydalı fəaliyyətlərinə zəmin yaradılması məqsədlərinə xidmət edib. Layihə çərçivəsində Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarında müxtəlif fəaliyyətlər icra olunub.
“KönüllüSən!” layihəsinin proqramına uyğun olaraq açılış və bağlanış mərasimləri, “Gələcək üçün əl-ələ” adlı düşərgə, "Yaşıl dünya naminə həmrəy olaq!" adlı rəsm və əl işləri müsabiqəsi, "Sağlam həyatın tələbləri" mövzusunda təlim, “Təmiz mühit-sağlam gələcək” şüarı ilə təmizlik aksiyası, müzakirələr, ekoloji oyunlar, komanda işləri və əyləncəli fəaliyyətlər icra olunub. Sonda müsabiqə qalibləri və layihə ərzində xüsusi fəallığı ilə seçilən gənclər təltif olunub.