Naxçıvanda könüllü gənclərə karyera planlaması təlimi keçilib


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” PHŞ tərəfindən birgə hazırlanan “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının ikinci günü çərçivəsində gənclərin karyera yüksəlişinə xidmət edən tədbir keçirilib.

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyevanın təqdimatında “Karyeranı planlaşdır və gələcəyini inşa et!” təlimi reallaşıb. Gənclərin marağına səbəb olan təlimdə karyera planlamasında şəxsi inkişafın düzgün istiqamətdə qurulmasının əhəmiyyəti, məqsədyönlü fəaliyyətin gələcək uğurlar üçün həlledici rolu barədə ətraflı məlumat verilib.

Təlimdə karyera planlama səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib və nəticələri müzakirə olunub. İştirakçılar mövzu əsasında analiz, hədəf və məqsədlərlə bağlı hazırladıqları komanda işlərinin təqdimatını ediblər. Sessiya zamanı iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb, mövzu ilə əlaqədar müzakirələr aparılıb.

Beş günlük təlim proqramının davamında gəncləri motivasiya, layihələrin idarə edilməsi və sosial şəbəkələrdə brendinqlə bağlı təlimlər gözləyir.