Azərbaycan Karate Federasiyası (AKF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Qapıçıq” Karate-do İdman Klubunun birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən məşqçi və idmançıların ustalıq səviyyəsinin yoxlanılması və yeni təcrübələrin aşılanmasına xidmət edən iki günlük fəaliyyətlər icra olunub. Bu məqsədlə AKF-in baş katibi Qabil Sayadov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi Naxçıvanda olub. Həmin mütəxəssislərin iştirakı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində əvvəlcə texniki-taktiki seminar, növbəti gün isə idmançılar üçün ayrıca kəmər imtahanı təşkil olunub.
Məşqçilər üçün keçirilən seminarda karatenin baza texnikaları barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikirlər dinlənilib.
Kəmər imtahanında muxtar respublikanın müxtəlif şəhər və rayonlarından ümumilikdə 130 karateçi iştirak edib. İdmançıların kihon, kata və kumite qaydalarında bacarıqları qiymətləndirilib və onlardan 103-ü müvafiq kəməri təsdiq edən diplomlarla təltif edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti