Naxçıvanda məktəblilər Zəfərin şahidləri ilə görüşüblər

Naxçıvan Muxtar Respublikasında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq “Zəfərin şahidləri” layihəsi çərçivəsində ardıcıl tədbirlər keçirilir. Layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu, dövlətə və ordumuza sevgini daha da gücləndirmək, qəhrəman hərbçilərimizin döyüş yolunu öyrətmək və tərənnüm etməkdir.

Layihə çərçivəsində Gənclər və İdman, Təhsil nazirlikləri və "Naxçıvan Qaziləri" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 və 2 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə müharibə iştirakçıları arasında görüş təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad ediblər. Təşkilatçı qurumların əməkdaşları çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə danışıb, Azərbaycan Ordusunun tarixi Qələbəsinin gənclərin vətənpərvərlik tərbiyəsinə mühüm töhfə olduğu vurğulanıb.

Vətən müharibəsi iştirakçıları — Muradov Pərvin, Məmmədov Vidadi, İmran Səfizadə və Məmmədov Seymur öz döyüş xatirələrini bölüşüb, Ordumuzun yüksək döyüş hazırlığı, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar, möhtəşəm tarixi zəfərin əhəmiyyəti barədə fikirlər səsləndiriblər. Hərbçilər həmçinin, şəhidlərimizin şücaətindən, Vətən uğrundakı fədakarlıqlarından bəhs edib, onların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Müharibə iştirakçıları şagirdləri maraqlandıran sualları ətraflı şəkildə cavablandırılıb, onlara tövsiyələr veriblər.

Qeyd edək ki, layihə qrafikə uyğun olaraq şəhərin digər ümumtəhsil məktəblərini də əhatə edir. Bu cür görüşlərin təşkili növbəli şəkildə davam etdiriləcəkdir.