Naxçıvanda məktəblilər arasında keçirilən debat çempionatının qalibləri bəlli olub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin, “Vətəndaş  Cəmiyyətində Debat” İctimai Birliyinin və Naxçıvan Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar "Şagirdlərin nailiyyət qazanmasında məktəb əsas faktordur" mövzusunda keçirilən debat çempionatında yer tutan komandalar mükafatlandırılıblar.

Bağlanış mərasimində Naxçıvan Regional Debat Mərkəzinin təlimçi, hakim heyyətinin sədri Cəsur Allahverdiyev çıxış edərək debatın əhəmiyyətindən danışıb, layihənin gənc nəsil nümayəndələri arasında araşdırma, inandırma, təqdimetmə bacarıqlarının, o cümlədən məntiqi təfəkkürün inkişafındakı rolundan bəhs edərək  təşkilati dəstəyə görə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, çempionat çərçivəsində 218 məktəblinin iştirakı ilə təlimlər keçirilib, noyabr ayının sonlarından etibarən isə məktəbdaxili turnirlər, şəhər mərhələsi, qrup və pley-of mərhələləri təşkil olunub.

Tədbirdə sözügedən çempionatın icmal videosu izlənilib.

Sonra isə qalib və fərqlənən iştirakçılar  təhsil  naziri Elxan Nəcəfov, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov tərəfindən mükafatlandırılıblar. Nəticələrə əsasən Naxçıvan Qızlar Liseyinin komandası qalib olub. Naxçıvan şəhər 17 və 2 nömrəli məktəblərin komandaları yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar.

 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidməti.