Naxçıvanda təhsil alan tələbələr mükafatlandırılıblar
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10–17 Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq həftənin yekun tədbiri – mükafatlandırma mərasimi reallaşıb.
Noyabrın 17-də Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə məlumat verilib ki, həftə ərzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə əsgər və zabitlərlə görüş, Ordubad şəhərinə ekskursiya, “Azərbaycanı tanı!” intellektual oyunu, stolüstü tennis və badminton birincilikləri, rəsm və bədii qiraət müsabiqələri, eləcə də “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub.
Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxışında bildirib ki, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı və ardıcıl həyata keçirilən gənclər siyasəti onların hərtərəfli inkişafına geniş imkanlar yaradır. Gənclərin bilik və bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafının dəstəklənməsi, onların cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına şərait yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Beynəlxalq Tələbə-Gənclər Həftəsi barədə danışan nazir müavini qeyd edib ki, bu platforma tələbələrin birlik, həmrəylik və yaradıcı təşəbbüslər ətrafında bir araya gəlməsi üçün mühüm əhəmiyyət daşıyır və onların tədbirlərdə yüksək fəallıq göstərməsi sevindiricidir.
Məcid Seyidov çıxışının sonunda həftə boyu müxtəlif yarış və müsabiqələrdə fərqlənən tələbələri, eləcə də ümumilikdə bütün tələbə-gəncləri Beynəlxalq Tələbə-Gənclər Günü münasibətilə təbrik edib, onlara mükafatlarını təqdim edib. Yarışmalarda ilk üç yeri tutan tələbələr diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.