Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 10–17 Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planının icrası yekunlaşmaq üzrədir.
Noyabrın 15-də həftə çərçivəsində sonuncu yarışma - ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında stolüstü tennis birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 20 oğlan və 12 qız tələbə iştirak edib.
Nəticələrə əsasən, oğlanlar arasında Naxçıvan Dövlət Texniki Kollecindən (NDTK) Sinan Novruzov birinci, Naxçıvan Hərbi Kollecindən Eldar Qulamov (Hərbi Kollec) ikinci, Rəvan İbrahimli (NDTK) isə üçüncü olub. Qızlar arasında isə Naxçıvan Dövlət Universitetindən (NDU) Ayla Nağıyeva birinci, Lalə Musayeva (NDU) ikinci, Aysu Nağıyeva (NDTK) üçüncü yerə sahib çıxıblar.
Həftə ərzində keçirilən yarışlarda fərqlənən tələbələr Beynəlxalq Tələbə-Gənclər Həftəsinin noyabrın 17-də keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.