Naxçıvan Voleybol Federasiyasının (NVF) 2023-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, federasiyasının prezidenti Vüqar Əliyev, nazirlik, AVF və NVF nümayəndələri, yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Çatma, muxtar respublikada fəaliyyət göstərən məşqçi-müəllimlər, idmançılar və valideynlər iştirak edib.
Vüqar Əliyev tədbiri giriş sözü ilə açaraq voleybolun inkişafı istiqamətində görülən işlərdən və cari ildə qarşıda duran vəzifələrdən danışıb.Vurğulanıb ki Azərbaycanda, eyni zamanda muxtar respublikada voleybola göstərilən dövlət qayğısı sayəsində bu sahədə intibah dövrünü yaşanır.
Məcid Seyidov son zamanlar muxtar respublikada voleybolun sürətlə inkişaf etdiyini və bu işdə Naxçıvan Voleybol Federasiyasındakı struktur dəyişikliklərinin, eləcə də nazirlik vasitəsilə göstərilən dövlət dəstəyi, aradakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin önəmli rola malik olduğunu vurğulayıb.
Federasiyanın baş katibi Rahil Tahirli isə hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, federasiya 2023-cü ilin sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında voleybolun inkişafı ilə bağlı bir çox işlərə imza atıb. Belə ki, mütəmadi olaraq şəhər və rayonlarda məşqçi-müəllimlərlə, idmançılarla görüşlər keçirilmiş, həmçinin məşq zallarının vəziyyəti öyrənilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istiqamətlər müəyyənləşdirilmişdir. Federasiyanın 27 sentyabr tarixində keçirilən iclasında idarə heyəti, nəzarət-təftiş komitəsi formalaşdırılmış, vitse-prezident, baş katib seçilmişdir. “Naxçıvan Voleybol Federasiyası” İctimai Birliyinin “2023-2028-ci illər üçün İnkişaf Strategiyası”nın layihəsi hazırlanmış və 7 noyabr 2023-cü il tarixində təsdiq edilmişdir. İnkişaf strategiyasında federasiyanın dəyərləri, strateji baxışı, missiya və hədəfləri müəyyən olunmuşdur. Federasiyanın müasir üslubda yeni loqosu hazırlanmış, feysbuk və instaqram hesabları açılmışdır.Yeni dönəmdə federasiya tərəfindən muxtar respublikada voleybol idman növünün inkişafı naminə sponsorların cəlb edilməsi və ianələrin toplanılması istiqamətində də işlər görülmüş, müqavilələr bağlanmış, gəlir və xərclərin hesabatlılığı təmin edilmişdir. Federasiya tərəfindən şəhər və rayonlarda fəaliyyət göstərən məşqçi-müəllimlərə ümumilikdə 133 ədəd top, 10 ədəd voleybol məşqləri üçün tor verilmiş, məşqlərin səmərəli təşkili diqqətdə saxlanılmışdır.
Voleybol üzrə bilik və bacarıqların artırılması və keçirilən məşqlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə üç nəfər gənc məşqçi-müəllim 10 gün müddətində Şahin Çatmanın rəhbərliyi ilə Bakı şəhərində keçirilən təlimlərə cəlb olunmuş, Naxçıvan şəhərində oğlan və qızların ayrı-ayrılıqda məşq etmələri təmin edilmiş, İlham Əliyev adına Olimpiya İdman Kompleksində həftənin 6 günü məşq saatları ayrılmışdır. Federasiya tərəfindən muxtar respublikada voleybol idman növünün daha da inkişaf etdirilməsi, perspektivli idmançıların müəyyən edilməsi, seçmə komandaların formalaşdırılması və ölkə səviyyəli yarışlara hazırlanması məqsədilə görülən işlər çərçivəsində iranlı mütəxəssis Səməd Əkbəri Naxçıvanın oğlan və qızlardan ibarət seçmə komandalarının baş məşqçisi təyin olunduğu bildirilib.
Yeni dönəmdə Naçıvan Voleybol Federasiyası tərəfindən yeniyetmə oğlanlar, yeniyetmə qızlar və kişilər arasında “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr Zəfər Gününə, həmçinin 25-29 dekabr tarixlərində “Heydər Əliyev ili” çərçivəsində kişilər arasında voleybol idman növü üzrə “Həmrəylik Kuboku” uğrunda muxtar respublika birincilikləri keçirilmişdir.
Yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan seçmə komandasının Baş məşqçisi Şahin Çatma və Naxçıvan Voleybol Federasiyasının Baş məşqçisi Səməd Əkbəri gələcək planlardan danışıb, görüşdə iştirak edən məşqçilərə və idmançılara tövsiyələrini veriblər.
Tədbirdə voleybol federasiyası ilə bağlı videoçarx nümayiş etdirilib.
Muxtar respublikada voleybolun inkişaf yolları müzakirə edilib, idmançıları maraqlandıran suallar cavablandırılıb, Uşaq və yeniyetmələrin voleybol idman növünə cəlb edilməsi istiqamətində fəaliyyətinə və federasiya ilə səmərəli əməkdaşlığa görə 2 nəfər təltif edilib.
İclasdan sonra Şahin Çatmanın rəhbərliyi ilə muxtar respublikada fəaliyyət göstərən voleybol üzrə müəllimlərə seminar təşkil olunub.