Noyabrın 20-də “Konstitusiya və Suverenlik İli” və Yeni Azərbaycan Partiyasının (YAP) 33 illiyi ilə əlaqədar “Yeni nəsil, yeni Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılmış büstü önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Mədəniyyət Sarayının foyesində rayonun yeniyetmə və gənclərinin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirilib
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, İcra Hakimiyyətinin kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və gənclər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən Rəcəb Rəhimli, YAP Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, milli ideologiyası və dövlətçilik düşüncəsi əsasında formalaşaraq bu gün ölkənin aparıcı siyasi qüvvəsinə çevrildiyini qeyd edib. İcra başcısı bildirib ki, dahi rəhbərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu siyasi təşkilatın mahiyyətini, ideoloji xəttini və inkişaf perspektivlərini dəqiq ifadə edir. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir dövrdə iqtisadi, siyasi və hərbi sahələrdə böyük nailiyyətlər əldə edib. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasi xəttinin uğurlu davamının bariz nümunəsidir. Dövlət başçısının həyata keçirdiyi islahatlar, milli maraqlara əsaslanan siyasət və inkişaf strategiyası YAP-ın ideoloji dayaqlarını daha da gücləndirib.
Məcid Seyidov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi genişmiqyaslı islahatlar, siyasi təşəbbüslər və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyəti bu gün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir idarəetmə modeli dövlətin inkişafını təmin etməklə yanaşı, gənclərin ictimai-siyasi həyatda daha fəal iştirakına geniş imkanlar yaradır. Qeyd olunub ki, gənclər Heydər Əliyev siyasi irsi və Prezident İlham Əliyevin strateji inkişaf kursuna sədaqətlə xidmət edir, ölkənin tərəqqisinə töhfə verməkdə qərarlıdırlar. Bu mənada YAP tərəfindən icra olunan layihələr gəncliyin bilik və bacarıqlarının artırılmasına, onların dövlətçilik ideallarına bağlılığının möhkəmləndirilməsinə xidmət edir.
Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır. O, həmçinin YAP Ordubad rayon təşkilatının fəaliyyəti, partiya üzvlərinin rayonun ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştiraklarından danışıb.
Rayonun gənc müəllimi Əliyeva Rübab çıxışında dövlətimiz tərəfindən təhsilə, müəllimlərə və şagirdlərə göstərilən diqqət və qayğıdan, yaradılan əlverişli şəraitdən, yenilikçi layihələr və gənclərə ayrılan dəstəkdən bəhs edərək bütün bunların nəticəsində Azərbaycan gəncliyinin gələcəyinin doğru şəkildə qurulduğunu vurğulayıb.
Çıxışlardan sonra “Konstitusiya və Suverenlik İli” və Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı sənədli film nümayiş etdirilib. Ardınca Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin rayonun ictimai-siyasi və sosial həyatında fəallıq göstərən bir qrup gənc diplom və xatirə hədiyyələri ilə təltif olunub.
Tədbirin bədii hissəsində bədii qiraət nümunələri dinlənilib, sonra Mədəniyyət Sarayının kollektivi konsert proqramı ilə çıxış edib.
