Ordubadda basketbol üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə "Naxçıvan" və "Ordubad" komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında təşkil olunan qarşılaşmada ümumilikdə 24 idmançı iştirak edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunun yekununda "Ordubad" komandası qalib gəlib.
Yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd məktəblilərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların basketbola marağının artırılması, sağlam həyat tərzinin təbliği və komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.
Sonda hər iki komanda diplomla təltif edilib.