Türkiyəli tələbələr “Azərbaycanı tanı!” oyununda fərqləniblər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 10–17 Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələri arasında “Azərbaycanı tanı!” intellektual oyunu keçirilib.

Oyunun qaydalarına əsasən inzibati ərazi vahidlərini əks etdirən vektorial hissəcikləri xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb.

Naxçıvan Dövlət Universitetinin tələbələrindən Nurullah Koç birinci, Onur Bayram ikinci, Baran Avcı isə üçüncü olublar.

Qeyd edək ki, həftə ərzində keçirilən yarışmalarda fərqlənən gənclər Beynəlxalq Tələbə-Gənclər Həftəsinin noyabrın 17-də keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.