“Tarixə ekskursiya” layihəsi çərçivəsində Naxçıvan Müəllimlər İnstitunun tələbələri üçün Ordubad rayonunun tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub.
Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində iştirakçılar həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyununda da iştirak ediblər. Oyun üçün hazırlanan suallar ekskursiya zamanı verilən məlumatlara əsaslanıb.
Ekskursiyadan əvvəl Nazirliyin əməkdaşı Valeh Mahmudov iştirakçılara layihə barədə məlumat verib. Qeyd olunub ki, gənclərin intellektual potensialının, dünyagörüşünün və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin və tariximizin gənc nəslə aşılanması, həmçinin muxtar respublikanın turizm imkanlarının tanıdılmasında onların rolunun artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. “Tarixə ekskursiya” layihəsi də bu istiqamətdə gənclərin bilik və bacarıqlarının zənginləşməsinə xidmət edən təşəbbüslərdəndir.
Ekskursiya zamanı gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyini, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər. Bələdçilər muzeylərin yaradılma tarixi, aid olduqları şəxsiyyətlərin həyatı və fəaliyyəti, eləcə də nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat veriblər və iştirakçıların suallarını cavablandırıblar.
Sonda intellektual oyun keçirilib. 24 sualdan ibarət yarışmada ən yüksək nəticə göstərən komanda üzvləri diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.