Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsinin rayon və şəhərlər üzrə seçim mərhələsi yekunlaşıb. May ayında start götürən mərhələ yarışlarında ümumilikdə 68 komandanın tərkibində 646 məktəbli iştirak edib.
Naxçıvan Muxtar Respublikasınən Gənclər və İdman, Təhsil, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi məktəblilərin teatr sənətinə marağının artırılması, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, eləcə də nitq mədəniyyəti, səhnə davranışı və ünsiyyət bacarıqlarının inkişafına dəstək olmaqdan ibarətdir.
İştirakçılar müxtəlif mövzularda hazırladıqları teatr tamaşaları və səhnəciklərlə çıxış edərək yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər rayon və ya şəhər üzrə birinci yerə layiq görülən komandalar isə müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, müsabiqənin finalı iyunun 3-ü saat 10:00-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçiriləcək.
Mükafatlandırma mərasimi isə iyunun 9-a nəzərdə tutulub.