Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş Şıxmahmud məktəbində keçirilib

Sentyabrın 24-də Babək rayon Şıxmahmud kənd tam orta məktəbində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil olunub.

Görüşdə Vətən müharibəsinin iştirakçıları – mayor Vüqar Hüseynov, mayor Behruz Allahverdiyev, kapitan Tural Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Yusif Tağızadə və İntiqam İsmayılov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak ediblər. 

Çıxış edənlər fikirlərində Anım Gününün şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi, o cümlədən dövlətçilik və hərb tariximiz baxımından mühüm əhəmiyyət daşıdığını ifadə ediblər. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, hərbçilərimizin döyüşlərdə nümayiş etdirdiyi şücaətdən və tarixi Zəfərin əldə olunmasında göstərilən fədakarlıqlardan danışılıb. Görüş zamanı Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolu, hərbi xidmət illəri və müharibə ilə bağlı xatirələrini məktəblilərlə bölüşüblər. Şagirdlərin ünvanladığı suallar cavablandırılıb, Vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və şəhidlərin əziz xatirəsinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə şəhidlərimizlə bağlı hazırlanmış fotoslayd nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeir səsləndirib.

Bu cür görüşlərin təşkilində məqsəd məktəblilərdə vətənpərvərlik duyğularının möhkəmləndirmək, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq və şəhidlərin xatirəsini yaşatmaqdır.