Ağbulaq Xizək Mərkəzi - 2018-ci il iyulun 17-də xizək mərkəzinin təməlatması keçirilib. Mərkəz 17 fevral 2021-ci il tarixdə istifadəyə verilib. Tikinti işləri dünyanın bir çox ölkəsində dağ-xizək mərkəzlərinin yaradılması layihəsini həyata keçirən Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçirilib. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verir. Həmçinin 20 min kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi ilə turistləri özünə cəlb edir.
Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılıb. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulub. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılıb, xidmət sahələri istifadəyə verilib. Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir.
Geniş turizm potensialına malik olan Şahbuz rayonunun Ağbulaq kəndində müasir xizək mərkəzinin mövcudluğu muxtar respublikada ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin, o cümlədən idman turizminin də inkişafı üçün geniş imkanlar yaradıb.