Naxçıvan Atıcılıq Mərkəzi

Naxçıvan Atıcılıq Mərkəzi 7 dekabr 2013-cü il tarixdə istifadəyə verilmişdir. Stend və sportinq atıcılığı, peyntbol, oxçuluq və tir atıcılığı ilə məşğul olmaq, asudə vaxtı səmərəli şəkildə dəyərləndirmək üçün əlverişli məkandır. Ümumi sahəsi 17095 kvadratmetrdir. Mərkəzin inzibati binasında növbətçi hissə, administrator otağı, silah otağı, soyunub-geyinmə və digər otaqları yerləşir. Ərazidə uçan hədəf aparatları quraşdırılan iki stend və sportinq meydançası var, yerlərdə yarışların idarə olunması üçün xususi mərkəzlər qurulub. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Yarışlarda Avropa istehsalı olan dəqiq və müasir silahlardan istifadə olunur. Peyntbol meydançasının eni 54 metr, uzunluğu isə 93 metrdir. Havanın qaranlıq vaxtı da Peyntbol oyunlarının keçirilməsi üçün müasir işıqlandırma sistemi qurulub,  hərbi-vətənpərvərlik ruhlu mahnılarla döyüş atmosferi yaratmaq üçün müasir səs sistemi quraşdırılıb. Mərkəzin ərazisində ikihissəli 150 yerlik tribuna inşa olunub. Tribunanın bir hissəsi peyntbol, bir hissəsi isə stend və sportinq yarışlarının rahatlıqla izlənilməsinə imkan verir. Alt hissədə peyntbol silahlarının və qoruyucu geyim və əşyaların saxlanılması və təhvil-təslimi üçün otaqlar, soyunub-geyinmə və yuyunma otaqları vardır. Atıcılıq mərkəzi fəal idman, istirahət və əyləncə məkanı kimi formalaşdırılıb. Mərkəzin ərazisində müasir görkəmdə inşa olunmuş kafe mövcuddur. Burada idmançılara çay, qəhvə və sərinləşdirici içkilər təklif olunur.

 

2015-c ilin may ayında istifadəyə verilən Atıcılıq və Əyləncə Mərkəzi də gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Mərkəz Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 95 nömrəli yeni ictimai yaşayış binasının zirzəmisində yerləşir. Mərkəz interaktiv atış-təlim zalı, kafe və oyun salonundan ibarətdir. Oyun salonunda quraşdırılan 6 aparat vasitəsilə gənclər müxtəlif idman növləri ilə virtual məşğul ola biləcəklər. Bu da gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından əhəmiyyətlidir.

İnteraktiv atış-təlim zalında ən müasir avadanlıqlar quraşdırılmış, 5 atış nöqtəsi yaradılmışdır. Pnevmatik tüfəng və tapançadan atəş açmaqla monitorda əks olunan hədəfləri dəqiq vurmaq mümkündür. Atış başa çatdıqdan dərhal sonra nəticələr monitorda əks olunur.