Uzunoba Təlim-Məşq İdman Kompleksi

Tikintisinə 2020-ci ilin avqust ayında başlanılan Uzunoba Təlim-Məşq İdman Kompleksi 3 aprel 2021-ci il tarixdə istifadəyə verilmişdir. Burada UEFA-nın “Grassroots” layihəsi çərçivəsində futbol festivalı, Region Liqası və uşaq futbolu liqalarının oyunları, təlim-məşq toplanışları, eləcə də müvafiq idman növləri üzrə yarışlar keçirilir. 

Ümumi sahəsi 10 min 300 m2 olan kompleksin ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü və çəpərlənmiş mini-futbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu (çimərlik voleybolu üçün də şərait yaradılmışdır) daxildir. İnzibati binada direktor, koordinator, məşqçi, ictimaiyyətlə əlaqələr, hakimlər komitəsi, yarışların keçirilməsi şöbəsi, mühafizə və digər köməkçi otaqlar, proyektorla təmin olunan 40 yerlik iclas zalı vardır.

Böyük futbol stadionunun eni 50, uzunluğu isə 99 metrdir. Stadionda  tamaşaçılar üçün 65 oturacaqdan ibarət tribuna qurulmuş və ehtiyat oyunçular üçün hər biri 12 oturacaqdan ibarət 2 yer ayrılmışdır. Üstüörtülü futbol meydançasının örtüyü dörd tərəfdən aqreqatlar vasitəsilə qaldırılır. Eni 30, uzunluğu isə 40 metr olan çimərlik meydançasında 146 və 80 oturacaqdan ibarət 2 tribuna vardır. 146 nəfərlik tribunada 2 qarderob, hakim, həkim və digər köməkçi otaqlar yerləşir. İnzibati bina və stadionlar müasir işıqlandırma və videokamera sistemləri ilə təchiz edilmişdir.